“Barselona” azarkeşlərini təlimatlandırdı

“Barselona” klubu azarkeşlərini Səudiyyə Ərəbistanında davranış qaydaları ilə bağlı təlimatlandırıb və yerli nizama hörmət etməyə səsləyib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, sözügedən klub komandanın Səudiyyə Ərəbistanında İspaniya Super Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Osasuna” ilə qarşılaşacağı oyunda ölkənin yerli davranış qaydaları ilə bağlı xəbərdarlıq edib.

“İctimai davranışda və sevgi bağlılığı nümayişində hörmət göstərmək və təmkinli olmaq tövsiyə edilir. Hər hansı seksual səpgili davranış da daxil olmaqla, ixtiyari nalayiq davranışlar əcnəbilər üçün hüquqi nəticələrə səbəb ola bilər.

Xüsusilə gecə saatlarında naməlum ərazilərdən keçməyin. Həm dayanacaqda, həm də hərəkətdə olan nəqliyyat vasitələrinin qapılarını bağlayın. Hər hansı bir şübhəli hərəkət görsəniz, polis bölməsi ilə əlaqə saxlayın. Baş verə biləcək hər hansı toplanışlardan və nümayişlərdən çəkinin.

Səudiyyə Ərəbistanı və Qərb ölkələrinin vətəndaşları, o cümlədən İspaniya, ölkədə və qonşu ölkələrdə fəaliyyət göstərən terror qruplarının mümkün hədəfləridir”, klubun bu xüsusda dərc etdiyi təlimatında deyilir.

Xatırladaq ki, İspaniya Super Kubokunun yarımfinal oyunu çərçivəsində “Barselona” – “Osasuna” oyunu yanvarın 11-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Digər cütdə isə “Real” və “Atletiko” komandaları üz-üzə gələcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: