Hazırda İtaliyada milli birincilik – A Seriyasında iştirakçı klubların sayının 20-dən 18-ə endirilməsi məqsədilə danışıqlar aparılır.
Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.
İtaliya A Seriyasının klubları və Liqanın prezidenti Lorenzo Kazini İtaliya milli birinciliyində çıxış edən komandaların sayının 20-dən 18-ə endirilməsi ilə bağlı qeyri-rəsmi danışıqlar prosesinə başlayıblar.
Mənbənin məlumatına görə, A Seriyasında komandaların sayının azaldılmasının tərəfdarı olanlar, əsasən A Seriyasının aparıcı klubları olublar. “Yekələr”in nümayəndələri Çempionlar Liqasının yenilənmiş tərtibatı ilə əlaqədar olaraq, A Seriyasında iştirak edənlərin sayının azaldılması zərurətini müdafiə edirlər. Aparıcı klubların fikrincə, növbəti mövsümdən etibarən Çempionlar Liqasının yeni tərtibatla keçirilməsi ilə qarşıdakı illərdə oyunların sayının artması və İtaliya çempionatının təqviminin son dərəcə sıxlaşacağı əsas gətirilir. Amma bəzi klublar bu tədbirlərə görə müəyyən qədər gəlir itirə biləcəyindən də ehtiyat edirlər.
İtaliya futbol ictimaiyyətinin azad təhlilçiləri isə öz növbəsində, əlaqədar şəxsləri “Amerika icad etməməyə” səsləyərək, oyun keyfiyyətinin yaxşılaşdırılmasına və A Seriyasının son illər itirilmiş mövqeyini bərpa etməyə səsləyiblər.
İtaliya A Seriyasının 14 klubunun bu məsələyə lehinə səs verməsi şərti ilə müvafiq qərarın verilə biləcəyi vurğulanır. Müzakirələr davam edir.


