Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubundan ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Azərbaycanlı hücumçu “Kocaelispor”la anlaşıb. Onun TFF Birinci Liqa təmsilçisi ilə 1,5 illik müqaviləyə dair razılığa gəldiyi vurğulanıb.
Artıq bu məlumatı “Kocaelispor” klubunun prezidenti Engin Koyun da təsdiqləyib. O, “Radyospor”a açıqlamasında Ramilin “Buriram Yunayted”lə bu gün vidalaşacağını açıqlayıb: “Ramil Şeydayevlə anlaşdıq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək və sabah aramızda olacaq. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.
Artıq Şeydayevin Türkiyə təmsilçisindəki qazancı da bəlli olub. Hücumçu bu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək. Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.
Xatırladaq ki, “Kocaelispor” bu mövsüm TFF Birinci Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Ramil Şeydayev 2016-2018-ci illər aralığında Türkiyədə “Trabzonspor”un formasını geyinib. O, “Buriram Yunayted”ə 2023-cü ilin yayında “Qarabağ”dan azad agent kimi ayrılaraq keçmişdi. Futbolçumuzun Tailand klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, bu komandanın heyətində 16 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Şeydayev karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların formasını geyinib. O, Azərbaycan milli komandasında da 59 oyuna çıxıb, 10 qola imza atıb.
Sonda onu da xatırladaq ki, hazırda TFF 1-ci Liqada Azərbaycandan olan 3 futbolçu çıxış edir. Belə ki, mövsümün əvvəlindən Bəxtiyar Həsənalızadə “Tuzlaspor”un, Coşqun Diniyev isə “Ümraniyəspor”un uğurları üçün çalışır. Bir neçə gün öncə Vüsal İsgəndərli də Albaniyanın “Eqnatiya” klubundan 150 min avro qarşılığında “Boluspor”a transfer olunub.


