Qambiya millisini daşıyan təyyarə təcili eniş etdi – Səbəb

Afrika Millətlər Kubokunda iştirak etmək üçün Fil Dişi Sahilinə getməli olan Qambiya millisini daşıyan təyyarə təcili eniş edib.

Arena.az xəbər verir ki, Fil Dişi Sahili hava yollarına məxsus təyyarə cəmi 9 dəqiqə səmada qalıb.

Təcili enişə səbəb isə futbolçuların huşunu itirməsi olub. Bildirilir ki, bu hadisə təyyarənin həcminin insan sayına nisbətdə kiçik olmasına görə baş verib.

Qambiya yığmasının baş məşqçisi Tom Saintfit təyyarədə baş verənlərlə bağlı yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Təyyarə havaya qalxdıqdan dərhal sonra hər kəs huşunu itirməyə başladı. Mən də həyatımla bağlı qısa yuxular gördüm. Demək olar ki, karbonmonoksit zəhərlənməsinə məruz qalacaqdıq. Yarım saat daha uçsaydıq, hamımız öləcəkdik. Bəzi oyunçular yerə enəndən sonra dərhal oyanmadılar”.

Futbolçulardan “Yanq Boyz”da çıxış edən Saydi Yanko “İnstagram” hesabında bunları qeyd edib: “Təyyarədə həddindən artıq isti idi. Çox kiçik bir təyyarə olduğu üçün hamımız tər içində idik. İnsanlar dərin yuxuya getməyə başladılar. Şiddətli ağrılar və başgicəllənmələr var idi”.

Səfərə yollanan yığma üzvləri arasında Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Omar Kolli və “Ankaragücü” komandasının hücumçusu Ali Sou da olub. Artıq sözügedən klublar da hadisə ilə bağlı rəsmi açıqlama yayaraq futbolçularının sağlıq durumunun yaxşı olduğunu bəyan ediblər.

Qambiya Futbol Federasiyası məsələyə dərhal müdaxilə edib. Futbolçular tam özlərinə gəldikdən sonra fərqli təyyarə ilə Fil Dişi Sahilinə uçublar. Qurumdan verilən son məlumata görə, milli üzvləri artıq sağ-salamat mənzil başına çatıblar. Onların həm təyyarədə, həm də Fil Dişi Sahilinə çatdıqdan sonrakı şəkilləri federasiyanın sosial şəbəkə hesablarında paylaşılıb.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: