Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 10-cu turunun daha bir qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.
Burada “Sumqayıt” yerli publika önündə çempionatın liderlərindən sayılan “NTD-İndiqo” klubunu qəbul edib. Əlavə vaxtın (95:95) qeydə alındığı gərgin oyunun yekununda Xaçmaz təmsilçisi “NTD-İndiqo” 104-95 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Qriffin Remmi olub – 23 xal, 14 asist. “Sumqayıt”da isə Smit Roderik fərqlənib – 21 xal, 13 ribaund.
Xatırladaq ki, 10-cu turun və ikinci dövrənin açılış oyununda “Xəzri” “Neftçi” üzərində 86:84 hesablı qələbəyə sevinmişdi. Turun növbəti oyunları (“Cəlilabad” – “Sərhədçi”, “Şəki” – “Xırdalan”, “Gəncə” – “Sabah”) 13 və 14 yanvarda baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- NTD-İndiqo (10 oyun, 9 qələbə, 1 məğlubiyyət) – 19 xal
- Xəzri (10 oyun, 8 qələbə, 2 məğlubiyyət) – 18 xal
- Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
- Neftçi (10 oyun, 6 qələbə, 4 məğlubiyyət) – 16 xal
- Cəlilabad (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
- Xırdalan (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
- Sumqayıt (10 oyun, 3 qələbə, 7 məğlubiyyət ) – 13 xal
- Gəncə (9 oyun, 3 qələbə, 6 məğlubiyyət) – 12 xal
- Sərhədçi (9 oyun, 2 qələbə, 7 məğlubiyyət) – 11 xal
- Şəki (9 oyun, 9 məğlubiyyət) – 9 xal


