“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın İspaniya Super Kubokunun finalında “Real”a böyükhesablı məğlubiyyətini (4:1) şərh edib.
Arena.az “Movistar” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bizim çox ümidimiz, çox həvəsimiz vardı və bütün oyunlarımızdan ən pisini oynadıq. Çox zəif başladıq, fərqi azalda bilərdik, amma 1:3 hesabı işimizi çətinləşdirdi. “Real” bizi daim əks-hücumlarda yaxalayırdı, bu əks-hücumları, keçidləri dayandıra bilmədik və bu gün futbolun acı tərəfi ilə yaşamağa məcburuq. Azarkeşlərdən üzr istəyirəm. Karyeramda çoxlu məğlubiyyətlər yaşamışam və biz həmişə sonda geri qayıdırıq. “Barselona” qayıdacaq”, deyə Xavi inamla bildirib.
Xatırladaq ki, “Real” və “Barselona”nın qarşılaşdığı İspaniya Super Kubokunun final oyunu Səudiyyə Ərəbistanının “Əl-Əvval Park” stadionunda baş tutub. Oyunu Xuan Martines Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real” “Barselona”nı 4:1 hesabı ilə darmadağın edərək, İspaniya Super Kubokunun 40-cı – 2023/2024 mövsümünün qalibi olub. Bu, “Kral Klubu”nun müvafiq yarışda 13-cü qalibiyyətidir. “Barselona”nın isə İspaniya Super Kubokunda 14 qalibiyyəti var.


