Ramil Şeydayev rəsmən “Kocaelispor”da!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Azərbaycanlı hücumçu “Kocaelispor”a keçib. O, bu gün TFF Birinci Liqa təmsilçisi ilə 1,5 illik müqaviləyə imza atıb. Bu barədə Kocaeli klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Şeydayev “Buriram Yunayted”ə 2023-cü ilin yayında “Qarabağ”dan azad agent kimi ayrılaraq keçmişdi. O, bu komandanın heyətində 16 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Futbolçumuzun Tailand klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Bu üzdən də “Kocaelispor” onu heyətinə qatmaq üçün “Buriram Yunayted”ə təzminat ödəmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, Türkiyə klubu Şeydayevin transferi üçün 800 min avrosundan keçib.

Artıq Şeydayevin Türkiyə təmsilçisindəki qazancı da bəlli olub. Hücumçu bu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək. Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.

“Kocaelispor” bu mövsüm TFF Birinci Liqada 18 turdan sonra 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Xatırladaq ki, Ramil Şeydayev 2016-2018-ci illər aralığında Türkiyədə “Trabzonspor”un da formasını geyinib.

Şeydayev karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Rubin”, “Zenit” kimi klubların formasını geyinib. O, Azərbaycan milli komandasında da 59 oyuna çıxıb, 10 qola imza atıb.

Sonda onu da xatırladaq ki, hazırda TFF 1-ci Liqada Azərbaycandan olan 3 futbolçu çıxış edir. Belə ki, mövsümün əvvəlindən Bəxtiyar Həsənalızadə “Tuzlaspor”un, Coşqun Diniyev isə “Ümraniyəspor”un uğurları üçün çalışır. Bir neçə gün öncə Vüsal İsgəndərli də Albaniyanın “Eqnatiya” klubundan 150 min avro qarşılığında “Boluspor”a transfer olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: