“Roma”nın keçmiş baş məşqçisi Joze Mourinyo komandadan qovulmasından az əvvəl heyətin bir neçə futbolçusu ilə mübahisə edib.
Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, portuqal mütəxəssis Kris Smollinq, Lorenso Pelleqrini, Rik Karsdorp, Leonardo Spinassola və Renato Sançeşlə gərgin münasibətlərdə olub.
Vurğulanır ki, Mourinyonun “Roma”dan istefası təkcə klubun qeyri-qənaətbəxş nəticələrinə görə deyil, həm də komandadaxili gərginliyə görə baş verib.
Xatırladaq ki, “Roma” Joze Mourinyonu yanvarın 16-da gözlnilmədən istefaya göndərib. “Mour”un yerinə klubun əfsanəsi, italyan mütəxəssis Daniele De Rossi “canavarlar”a baş məşqçi təyin edilib.
Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.
“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Mourun “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.
“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


