“Milan” və A Seriyası Udinedəki irqçi biabırçılığı tənqid etdilər

“Milan” və A Seriyası İtaliya A Seriyasının 21-ci turunda “Udineze” – “Milan” oyununda (2:3) yaşanmış irqçi biabırçılığı tənqid ediblər.

Arena.az xatırladır ki, həmin oyunda “Milan”ın fransalı qapıçı Mayk Menyan “Udineze” azarkeşləri tərəfindən irqi zəmində çoxsaylı təhqirlərə məruz qalıb.

Hakimi baş verənlərdən xəbərdar etmiş Menyan meydanı tərk edərək tribunalaraltı məkana yollanıb, sonra isə komanda yoldaşlarının dəstəyi altında oyuna qayıdıb.

Bu arada “Milan”ın və İtaliya A Seriyasının rəhbərlikləri hadisə dair mövqelərini bəyan ediblər.

“Milan” klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən komandasının qapıçısına ismarış ünvanlayaraq, dəstək nümayiş etdirib:

“Bizim oyunumuzda irqçiliyə yer yoxdur. Biz sarsıntı içindəyik. Biz səninləyək, Mayk!”, – “Milan” mətbuat xidməti bəyan edib.

Öz növbəsində İtaliya A Seriyası hələlik qısaca bəyanatla kifayətlənib:

“A Seriyası irqçiliyin bütün təzahürlərini pisləyir!” – qurumun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşdığı bəyanatında deyilir.

Baş vermiş hadisə İtaliya mətbuatında və İtaliya futbolunun yuxarı dairələrində böyük əks-sədya səbəb olub. Hazırda bu məsələ üzrə araşdırmalar aparılır. İntizam komitəsinin cəzalar tətbiq edəcəyi vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: