“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanında futbolun səviyyəsini qiymətləndirirb.
Arena.az “Record” dərgisinə istinadən Ronaldonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən Səudiyyə Ərəbistanında xoşbəxtəm. Burada mənə yaxşı yanaşırlar, bu çempionatın böyük imkanı var. Böyüməyə isə davam edəcək. Çoxları düşünürlər ki, bütün bunlar Çinə bənzəyir, amma yox, burada hər şey tamamilə fərqlidir.
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu təmin etdi, yəni çempionat növbəti 10 il ərzində böyüməyə davam edəcək. Düşünürəm ki, iki-üç ildən sonra Səudiyyə Ərəbistanı Liqası dünyanın ən yaxşı liqaları arasında olacaq”, deyə Ronaldo bildirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.