Futbol üzrə İtaliya yığma komandasının ən sərrast futbolçusu, “Kalyari”nin əfsanəvi hücumçusu Luici Riva dünyasını dəyişib.
Arena.az bu barədə “La Repubblica” dərgisinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, 79 yaşlı Riva bu gün ürək tutması keçirərək xəstəxanaya yerləşdirilib. O, Kalyaridəki evində huşunu itirib və keçmiş futbolçunun oğulları Nikola və Mauro onu xəstəxanaya çatdırıblar. Lakin tibb işçilərinin səylərinə baxmayaraq, Rivanın həyatını xilas etmək mümkün olmayıb.
Keçmiş italyan hücumçu İtaliya yığmasının heyətində bütün yarışlarda 42 oyun keçirib və 35 qol vurub ki, bu da komandanın tarixində ən yaxşı nəticədir. Luici Riva 1968-ci ildə İtaliya yığması ilə Avropa çempionatının qalibi, 1970-ci il dünya çempionatının finalçısı olub.
Riva futbolçu karyerasının böyük əksəriyyətini “Kalyari”nin heyətində keçirib, klubun əfsanəsinə çevrilib. 1969/1970 mövsümündə məhz “Cici” Rivanın “vuran ayaq” olması ilə “Kalyari” İtaliya A Seriyasının qalibi olub. Həmin mövsümdə Riva 21 qolla A Seriyasının ən sərrast futbolçusu olub.


