UEFA prezidenti Aleksander Çeferin bildirib ki, “Mançester Siti” maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirkardır.
Arena.az xatırladır ki, 2020-ci ilin fevralında UEFA “şəhərlilər”i avrokuboklardan kənarlaşdırsa da, daha sonra İngiltərə klubu bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verərək, bu işi qazanmışdı.
“Biz haqlı olduğumuzu bilirik. Mən 25 il məhkəmədə vəkil işləmişəm və bilirəm ki, bəzən uduzmalı olduğun işi sən udursan, bəzən isə bu, əksinə olur. İngiltərədəki hadisə haqqında danışmaq istəmirəm. Amma mən müstəqil komitəmizin qərarının düzgün olduğuna inanıram”, – “The Telegraph” nəşri Çeferindən sitat gətirir.
Vurğulayaq ki, “Mançester Siti” 2022/2023 mövsümündə Çempionlar Liqasının qalibi olub və hazırda cari çempion adını daşıyır. Daha əvvəl məlum olub ki, İngiltərə Premyer Liqası “şəhərlilər”i maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham edib. Hazırda bu iş üzrə araşdırma aparılır.


