“Bornmut”un danimarkalı hücumameyilli yarımmüdafiəçisi Emiliano Markondes Premyer Liqa klubunu “Hibernian”a dəyişib.
Arena.az bu barədə “Hibernian”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Şotlandiya klubu 28 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb. İcarə müqaviləsi cari ilin may ayının sonuna qədər hesablanıb.
Markondes Danimarkanın “Vidovre” klubunda futbola qədəm qoyub. O, buradan “Nordsyelland” klubuna keçərək burada inkişaf edib və böyük futbola gəlib. Markondes karyerası ərzində “Brentford”, “Midtyulland” və “Bornmut” klublarında çıxış edib.
Cari mövsümün ilk yarısında Markondes İngiltərə Premyer Liqası və İngiltərə Kuboku çərçivəsində iştirak ərizəsinə daxil edilsə də, meydana çıxmayıb.
Emiliano Markondesin qənimətlər muzeyində “Midtyulland”la Danimarka çempionluğu (2019/2020) var. Həmçinin Markondes “Nordsyelland”la Danimarkanın gənclərdən ibarət U-19 çempionatının qalibi (2013) olub. 2017/2018-ci illər mövsümündə Markondes 17 qolla Danimarka çempionatının ən sərrast futbolçusu olub.
Emiliano Markondes Daniimarkanın U-17, U-18, U-19, U-20, U-21, U-23 yığmalarına, həmçinin Olimpiya komandasına cəlb edilib. Əsas yığmada isə hələ çıxış etməyib. Vurğulayaq ki, Markondes ana tərəfdən braziliyaəsillidir.
“Transfermarkt” interner-portalı 28 yaşlı danimarkalının transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


