“Nyukasl”ın aparıcı futbolçularından biri, braziliyalı mərkəz yarımmüdafiəçisi Joelinton cərrahi əməliyyat edilib.
Arena.az bu barədə “Nyukasl”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Yarımmüdafiəçi ombasından əməliyyat edilib. Cərrahi müdaxilədən sonra braziliyalı futbolçunu bərpa mərhələsi gözləyir. “Sağsağanlar” Joelintonun xidmətindən ən azı cari mövsümün sonuna qədər məhrum olublar.
Xatırladaq ki, yarımmüdafiəçi İngiltərə Kuboku çərçivəsində “Sanderlend”lə oyunda (3:0) zədələnmişdi.
Joelinton “Sport Resife” klubunun yetirməsidir. Buradan Avropaya – “Hoffenhaym”a keçmiş braziliyalı müdafiəçi ardınca Vyana “Rapid”ində icarə əsasında çıxış edib. Daha sonra “Nyukasl” 44 milyon avro müqabilində Joelintonu “Hoffenhaym”dan heyətinə qatıb.
Cari mövsümün ilk yarısında Joelinton “sağsağanlar”ın heyətində 23 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Braziliyalı futbolçu 2021/2022 mövsümündə “Nyukasl”da ilin oyunçusu seçilib.
Joelinton 2023-cü ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində 5 oyun kçeirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 42 milyon avro məbləğində qiymətləndirir.


