Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün daha bir oyunu baş tutub.
Arena.az xəbər verir ki, 10-cu turun və ikinci dövrənin son matçında “Abşeron” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmaya daha yaxşı başlayan “Abşeron” 2:0 hesabı ilə önə keçib. Lakin təşəbbüsü ələ alan “Azərreyl” növbəti iki seti aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib – 2:2. Bu üzdən tay-brekə ehtiyac yaranıb. Həlledici hissədə də daha dəqiq oynayan “Azərreyl” meydandan 3:2 hesablı əzmkar qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu oyunda ölkə çempionatı tarixində ilk dəfə “Challenge sistemi” tətbiq olunub. Bu sistem mübahisəli epizodlar üçün nəzərdə tutulub. Müvafiq qaydalara əsasən, komandalara hər setdə 2 dəfə “Challenge”dən yararlanmaq imkanı verilir. Tərəflər etirazlarında haqlı çıxsalar, bu imkanlarını qoruyurlar.
Beləliklə, 10 turdan sonra “Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov” 23 xalla (8 qələbə ) 2-ci pillədə qərarlaşıb. 21 xala (7 qələbə) malik “Abşeron” 3-cüdür. “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Yüksək Liqa
10-cu tur
25 yanvar
“Abşeron” – “Azərreyl” 2:3 (25:21, 25:17, 18:25, 21:25, 12:15)


