Koray Günter və Milan Duriç “Verona”dan ayrıldılar

İtaliyanın “Verona” klubu mərkəz müdafiəçisi Koray Günter və mərkəz hücumçusu Milan Duriçlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Koray Günter icarə əsasında Türkiyənin “Fatih Karagümrük” klubuna keçib. Super Liqa təmsilçisi türkəsilli almaniyalı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Onun “Verona” ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir.

Koray 2019-cu ildən “Verona”nın formasını geyinib. 29 yaşlı müdafiəçi bu komandanın heyətində 105 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Qalatasaray”, “Borussiya” (Dortmund), “Cenoa”, “Sampdoriya” kimi klubların da formasını geyinib. Günter Almaniyanın U-17, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Milan Duriç isə “Verona”nı “Montsa”ya dəyişib. A Seriyası təmsilçisi onu 2 milyon avro qarşılığında heyətinə qatıb. Bosniya və Herseqovinadan olan 33 yaşlı futbolçu yeni klubu ilə 1,5 + 1 illik müqavilə bağlayıb.

Duriç “Verona”ya 2022-ci ilin yayında qoşulmuşdu. Təcrübəli forvard bu komandada 51 oyuna çıxıb, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “Çezena”, “Salernitana”, “Krotone”, “Bristol Siti”, “Kremoneze”, “Askoli”, “Trapani”, “Çittadella” kimi klubların da şərəfini qoruyub. Milan 2015-ci ilin mart ayında debüt etdiyi Bosniya və Herseqovina yığmasında 15 oyun keçirib, 7 qol vurub.

“Verona” bu gedənlərin əvəzində Lissabon “Sportinq”indən portuqaliyalı sol cinah müdafiəçisi Ruben Vinaqreni icarəyə götürüb. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi A Seriyasında çıxış edəcək. Onun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Vinaqre karyerası ərzində “Vulverhempton”, “Olimpiakos”, “Famalikan”, “Everton”, “Hall Siti” kimi klublarda da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: