“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro “qırmızı şeytanlar”ın düşərgəsində gələcəyi ilə bağlı danışıb.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, Kazemironun bu barədə fikirlərini təqdim edir:
“Mən qısamüddətli hədəflərə diqqət yetirən insanlardanam. Biz tərəqqiyə və qələbələr qazanmağa davam etməliyik, axı kuboklar qazanmaq həqiqətən vacibdir.
Hazırda hər şey heyrətamizdir. İlk gündən klubda həm tərəfdaşlar, həm də azarkeşlər arasında xoş qarşılandım. Mən o qədər çox sevgi aldım ki – meydanda və meydandan kənarda. Bu, mənə gərək olan özünəməxsus və sehrli bir təcrübə idi. Mən Mançesterdə çox xoşbəxtəm”, deyə braziliyalı “dayaqçı” bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda, “qırmızı şeytanlar”ın Kazemironu Səudiyyə Ərəbistanı klublarından birinə satmaq niyyətində olduğu haqda xəbərlər yayılmışdı.
Yarımmüdafiəçi “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı futbolçu “Mançester Yunayted”in heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi “qırmızı şeytanlar”la ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.
Kazemiro hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 75 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


