“Milan” “Bolonya” ilə oyunda antirekord müəyyənləşdirdi

İtaliya A Seriyasının 22-ci turu çərçivəsində keçirilmiş “Milan” – “Bolonya” oyunu “rossoneri”nin müstəsna antirekordu ilə əlamətdar olub.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, oyunlarda statistik məlumatların toplanıldığı vaxtdan bəri ilk dəfə olaraq, milanlıarın A Seriyasının 1 oyununda 2 penaltini gerçəkləşdirə bilmədiyi qeydə alınıb. Bu, yekun nəticədə komandaya qiymətli xalların itkisi hesabına başa gəlib.

Əvvəlcə, 42-ci dəqiqədə “rossoneri”nin fransalı mərkəz hücumçusu Olivye Jiru penaltini qola çevirə bilməyib, Ardınca isə 74-cü dəqiqədə “Milan”ın fransalı sol cinah müdafiəçisi Teo Ernandes penaltinin icrasında uğursuzluq yaşayıb.

Bu oyunda qonaqlar da penalti vurmaq hüququ qazanıblar. “Bolonya”nın italyan sağ vingeri Rikkardo Orsolini oyuna əlavə edilmiş təzminat vaxtında (90+2-ci dəqiqə) penaltini dəqiq yerinə yetirməklə, oyunda tarazlığı bərpa edib – 2:2. Oyun elə, bu hesabla da başa çatıb.

Çempionluq mübarizəsində qiymətli xallar itirmiş “Milan” 22 turdan sonra 46 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Bolonya” isə 21 oyundan 33 xalla 7-ci pillədədir. A Seriyasına 22 oyundan 53 xal toplamış “Yuventus” müvəqqəti başçılıq edir. 20 oyundan 51 xal toplamış “İnter” 2-ci pillədə potensial lider statusundadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: