“Qalatasaray”dan “Bayern”ə 30 milyonluq transfer

“Bayern” fransalı sağ cinah müdafiəçisi Saşa Boeni “Qalatasaray”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb.

Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “Bayern”ə 30 milyon avro müqabilində başa gəlib. Almaniya nəhəngi fransalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. 23 yaşlı futbolçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Saşa Boe futbola “Romeynvil” klubunda qədəm qoyub. Buradan Parisin “Red Star” klubuna keçib, ardınca isə “Renn”in futbol akademiyasına yol tapıb. Boe elə, “Renn”in heyətində böyük futbolda debüt edib. Daha sonra Saşa “Dijon”da icarədə olub və ardınca “Qalatasaray”a transfer edilib.

Cari mövsümün ilk yarısında Boe “Qalatasaray”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 2 qol vurub.

Saşa Boenin qənimətlər muzeyində “Renn”lə 2018/2019-cu il mövsümü Fransa Kuboku və “Qalatasaray”la 2022/2023 mövsümü Türkiyə çempionluğu var.

Saşa Boe Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: