Olivye Kemen Türkiyədə klubunu dəyişdi

Futbol üzrə Kamerun milli komandasının mərkəz yarımmüdafiəçisi Olivye Kemen Türkiyədə iş yerini dəyişdirməyə qərar verib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Kayserispor”dan ayrılıb.

Bu barədə Kayseri klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Kemen azad agent qismində Super Liqanın digər təmsilçisi “Başakşəhər”ə keçib. İstanbul klubunun rəsmi saytının yaydığı məlumata görə, yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Olivye Kemen 2021-ci ilin avqust ayından “Kayserispor”un uğurları üçün çalışırdı. O, Kayseri klubunun heyətində 72 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Kamerunlu futbolçu daha öncə Fransanın “Olimpik” (Lion), “Qazelek”, “Nyor” kimi klublarında forma geyinib. Fransa vətəndaşlığına da malik olan futbolçu vaxtilə bu ölkənin U16, U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. 2023-cü ilin martında isə o, Kamerun milli komandasında debüt edib. O, indiyə qədər yığmada 4 oyuna çıxıb və 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: