Simone İnzaqi A Seriyasın yanvarın ən yaxşı məşqçisidir

“İnter”in baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi yanvar ayında İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, İnzaqi oktyabr ayında da A Seriyasının ən yaxşı məşqçisi seçilmişdi.

Yanvarda “İnter” İnzaqinin rəhbərliyi altında A Seriyasında 3 oyun keçirib. “Neradzurri” bütün oyunlarda qalib gəlib – “Verona”ya 2:1, “Montsa”ya 5:1 və “Fiorentina”ya 1:0. Beləliklə, “İnter” mümkün mütləq nəticəyə – 9 xal qazanmağa müvəffəq olub.

Hazırda “İnter” A Seriyasında keçirdiyi 21 oyundan topladığı 54 xalla yarış cədvəlinə başçılıq edir.

Simone İnzaqi “İnter”i 2021-ci ilin iyunundan çalışdırır. İtalyan mütəxəssisin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. 47 yaşlı mütəxəssis 2023-cü ilin yekunlarına görə “FIFA İlin məşqçisi” təqdimatında 3-cü yerə layiq görülüb.

Simone İnzaqinin rəhbərliyi altında “İnter” cari mövümdə İtaliya Kubokunda mübarizəsini dayandırsa da, İtaliya Super Kubokunu qazanıb və A Seriyasında uğurla çempionluq iddiasını sürdürür. Həmçinin “neradzurri” Çempionlar Liqasında mübarizəsini davam etdirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: