Basketbol: Kurtinaytisli “Sabah”dan uğurlu start

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilmiş günün ilk oyununda “Sərhədçi” və “Sabah” komandaları üz-üzə gəliblər. Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri “Sabah” rəqibi üzərində 96:71 hesablı rahat qələbə qazanıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Desmond Kembric olub – 18 xal, 7 assist. “Sərhədçi”də isə Cəbrayıl Əkbərov fərqlənib – 15 xal, 4 ribaund.

Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş “Neftçi” çempionatın aşağı pillələrində qərarlaşmış “Sumqayıt”la qarşılaşıb və 113:96 hesablı rahat qələbəyə sevinib. “Neftçi”nin ən məhsuldar basketbolçusu Di Ancelo Stüart olub – 24 xal, 4 assist. “Sumqayıt”da isə Lenard Dikson özündən söz etdirib – 29 xal, 6 ribaund.

Turun ilk oyununda “Xırdalan” “Gəncə” üzərində 93:87 hesablı qələbəyə sevinmişdi.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (13 oyun, 11 qələbə, 2 məğlubiyyət) – 24 xal
  2. Xəzri (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  3. NTD-İndiqo (12 oyun, 10 qələbə, 2 məğlubiyyət) – 22 xal
  4. Neftçi (13 oyun, 9 qələbə, 4 məğlubiyyət) – 22 xal
  5. Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
  6. Sərhədçi (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
  7. Cəlilabad (12 oyun, 4 qələbə, 8 məğlubiyyət) – 16 xal
  8. Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
  9. Sumqayıt (13 oyun, 3 qələbə, 10 məğlubiyyət ) – 16 xal
  10. Şəki (12 oyun, 12 məğlubiyyət) – 12 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: