Pablo Fornals və Sedrik Bakambu “Betis”də – Rəsmi

İspaniyanın “Betis” klubu heyətini iki yeni futbolçu – yarımmüdafiəçi Pablo Fornals və hücumçu Sedrik Bakambu ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Fornals İngiltərənin “Vest Hem” klubundan 8 milyon avro qarşılığında “Betis”ə keçib. 27 yaşlı ispan futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununa kimi anlaşıb.

Pablo Fornals peşəkar karyerasına “Malaqa”da başlayıb. Daha sonra “Vilyarreal”da oynamış yarımmüdafiəçi 2019-cu ildə məhz bu klubdan 28 milyon avro qarşılığında “Vest Hem”ə üz tutub. O, İngiltərə klubunun heyətində 203 oyuna çıxıb, 23 qol vurub, 19 assist edib. Fornals 2016-cı ilin mayında debüt etdiyi İspaniya yığmasında da 6 oyun keçirib, 1 qol vurub.

Bakambu isə Türkiyənin “Qalatasaray” klubundan 5 milyon avro qarşılığında transfer olunub. 32 yaşlı forvard İspaniya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Sedrik Bakambu Fransanın “Soşo” klubunun yetirməsidir. O, karyerası ərzində “Bursaspor”, “Vilyarreal”, “Beijing Quoan”, “Olimpik” (Marsel), “Olimpiakos” kimi klubların da şərəfini qoruyub. Bakambu bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”dən 700 min avro qarşılığında “Qalatasaray”a keçmişdi. O, Super Liqa təmsilçisinin heyətində cəmi 16 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. Vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Bakambu, 2015-ci ilin iyun ayından Konqo DR yığmasında forma geyinir. O, millidə 53 oyuna 16 qol vurub.

“Betis” “Osasuna”nın hücumçusu Luis Esekyel Avilanı da (Çimi Avila) heyətinə qatıb. La Liqa təmsilçisi bu transfer üçün də 4 milyon avro ödəyib. Argentinadan olan 29 yaşlı forvardla müqavilənin müddəti 2027-ci ilin 30 iyununda başa çatacaq.

Karyerası ərzində “Tiro Federal”, “San Lorenso”, “Hueska” kimi klublarda da oynamış Avila, 2019-cu ildən “Osasuna”nın formasını geyinirdi. O, La Liqa klubunun heyətində 123 oyuna 29 qol vurub, 10 assistlə yadda qalıb.

“Betis” onu 16 milyon avroya satdı

“Betis” iki futbolçusu ilə də yollarını ayırıb. Belə ki, La Liqa təmsilçisi sağ cinah vingeri Luis Enrikeni (Luis Enrike Andre Roşa da Silva) 16 milyon avroya Braziliyanın “Botafoqo” klubuna satıb. 23 yaşlı braziliyalı vinger yeni klubu ilə 2028-ci ilin 31 dekabrına kimi anlaşıb. “Fluminense”nin yetirməsi 2022-ci ilin iyul ayında 8 milyon avro qarşılığında keçdiyi “Betis”də 64 oyuna çıxıb, 4 qol və 10 assistlə yadda qalıb.

“Betis” argentinalı sağ cinah vingeri Xuan Krusu da “Leqanes”ə icarəyə verib. 23 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Malaqa”nın yetirməsi olan futbolçu 2021-ci ildən formasını geyindiyi “Betis”də cəmi 38 matça çıxıb və 7 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: