Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında liderlər qrupunda qərarlaşan komandalar Xaçmazda üz-üzə gəliblər. “NTD-İndiqo” “Xəzri”ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 89:85. Xallarının sayını 24-ə çatdıran “Xəzri” lider “Sabah”a çatıb.
Bu turun daha öncə keçirilmiş oyunlarında “Xırdalan” “Gəncə”ni (93:87), “Sabah” “Sərhədçi”ni (96:71), “Neftçi” “Sumqayıt”ı (113:96), “Cəlilabad” “Şəki”ni (90:86) məğlub etmişdi.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (13 oyun, 11 qələbə, 2 məğlubiyyət) – 24 xal
- Xəzri (13 oyun, 11 qələbə, 2 məğlubiyyət) – 24 xal
- NTD-İndiqo (13 oyun, 10 qələbə, 3 məğlubiyyət) – 23 xal
- Neftçi (13 oyun, 9 qələbə, 4 məğlubiyyət) – 22 xal
- Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
- Sərhədçi (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Cəlilabad (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
- Sumqayıt (13 oyun, 3 qələbə, 10 məğlubiyyət ) – 16 xal
- Şəki (13 oyun, 13 məğlubiyyət) – 13 xal


