Dortmund “Borussiya”sının sabiq futbolçusu, müqavilə ilə “Brayton”a məxsus olan Mahmud Dahud yenidən Almaniyaya qayıdıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Bundesliqa təmsilçisi “Ştutqart”a keçib.
Almaniya klubu onu Premyer Liqa təmsilçisindən 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalma şərti də nəzərdə tutulub.
Xatırladaq ki, Dahud bu mövsümün əvvəlində “Borussiya”dan azad agent kimi ayrılaraq İngiltərənin “Brayton” klubu ilə anlaşmışdı. Həmin vaxt yarımmüdafiəçi ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalandığı açıqlanmışdı.
Mahmud Dahud Düsseldorf “Fortuna”sının yetirməsidir. O, peşəkar karyerasına Mönhenqladbax “Borussiya”sında başlayıb. 27 yaşlı futbolçu bu komandada 86 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.
2017-ci ilin iyul ayında Dortmund “Borussiya”sı Mönhenqladbaxdan olan adaşına 12 milyon avro ödəyərək Dahudu öz sıralarına qatıb. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 141 matçda 5 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
O, bu mövsümün geridə qalmış hissəsində “Brayton”da cəmi 14 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə kifayətlənib.
Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Suriya əsilli Dahud, əsas millidə də 2 matça çıxıb.

Yeri gəlmişkən, “Ştutqart” sol cinah vingeri Kris Führixlə yeni müqavilə imzalayıb. Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2028-ci ilin 30 iyununda başa çatacaq.
Kris Führix 2021-ci ilin iyul ayında “Paderborn”dan 2,5 milyon avro qarşılığında “Ştutqart”a keçib. 26 yaşlı vinger bu komandada indiyə qədər 89 oyun keçirib, 14 qol vurub, 12 assist edib.
Almaniya yığmasında da 1 oyun keçirmiş Führix karyerası ərzində “Paderborn” və “Köln” klublarının formasını geyinib.



