Fernando Santos Vensan Abubakarı bağışladı

“Beşiktaş”ın baş məşqçisi Fernando Santos əsas komandadan kənarlaşdırılmış hücumçu Vensan Abubakarla bağlı qərarı dəyişdirib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, portuqaliyalı mütəxəssis Kamerun yığmasının düşərgəsindən qayıdan futbolçu ilə təkbətək görüş keçirib. O, Abubakarın yenidən heyətə qaytarılması ilə bağlı müzakirələr aparıb.

Xatırladaq ki, Vensan Abubakar ötən ilin sonunda intizamsız hərəkətlərinə görə komandadan kənarlaşdırılmış 5 futbolçudan biri idi. Bu ilin əvvəlində isə o, İstanbul klubundan ayrılaraq Kamerun millisi ilə birgə Afrika Millətlər Kubokuna yollanmışdı. 32 yaşlı futbolçu ölkəsi turnirdən kənarlaşdırıldıqdan dərhal sonra İstanbula gələrək yeni baş məşqçi Fernando Santosla uzun bir görüş keçirib. İddiaya görə, baş məşqçi Abubakarın da komandada olmaq istəyini gördükdən sonra onu heyətə qaytarmağa qərar verib. Təcrübəli məşqçi sağalandan sonra hücumçunun xidmətindən istifadə edəcəyini bildirib.

Fernando Santos türkiyəli jurnalistlərə Abubakarın durumu barədə bunları söyləyib: “Məndən əvvəl baş verənlərin heç bir əhəmiyyəti yoxdur. Birlikdə irəliyə baxmalıyıq. Aboubakar komanda üçün vacib oyunçudur və bu komandaya faydalı olacağını düşünürəm. Əhəmiyyətli olan kimin meydanda nə etməsidir. Hər bir oyunçuya inanıram. Abubakar komanda üçün vacib oyunçudur. Hazırda zədəlidir. Yaxın günlərdə onun vəziyyətinə baxacağıq”.

Kamerun millisinin heyətində bud arxa əzələsini zədələyən Abubakar 15 gün komandadan uzaq qalacaq. Ulduz futbolçunun fevralın 18-də keçiriləcək “Konyaspor”la matçda meydana çıxması proqnozlaşdırılır.

Xatırladaq ki, Vensan Abubakar 2023-cü ilin yanvar ayından “Beşiktaş”da forma geyinir. 31 yaşlı forvard əvvəllər də bu komandada çıxış edib. Kamerunlu futbolçu İstanbul təmsilçisində bütövlükdə 105 matça çıxıb, 59 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, “Əl-Nəsr”, “Portu”, “Koton Sport”, “Valensyen” və “Loryan” kimi klubların da formasını geyinib. Abubakar Kamerun yığmasında 97 oyun keçirib, 37 qol vurub.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: