Xose Kampanya nəhayət ki, özünə yeni klub tapdı

Futbol üzrə İspaniya millisinin və “Levante”nin sabiq mərkəz yarımmüdafiəçisi Xose Kampanya bundan sonra “Las Palmas”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azad agent statusuna malik 30 yaşlı ispan futbolçu yeni klubu ilə 6 ay + 1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Xose Kampanya “Sevilya”nın yetirməsidir. Təcrübəli yarımmüdafiəçi “Kristal Pelas”, “Nürnberq”, “Sampdoriya”, “Portu”, “Alkorkon” kimi klublarda da forma geyinib. İspan futbolçunun sonuncu iş yeri “Levante” olub. O, 2016-cı ildən etibarən formasını geyindiyi bu klubdan ötən mövsümün sonunda – 2023-cü ilin iyul ayında ayrılandan bəri işsiz idi.

Kampanya İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, əsas millidə də 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 30 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Las Palmas” mərkəz müdafiəçisi Aleks Suares və hücumameyilli yarımmüdafiəçisi Kirian Rodriqeslə də yeni müqavilə bağlayıb. 30 yaşlı Aleksin klubla yeni müqaviləsinin müddəti 2026-cı ilin, 27 yaşlı Kirianın yeni sözləşməsinin müddəti isə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

“Las Palmas”ın öz yetirməsi olan Aleks Suares bu komandada 120 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kirian Rodriqes də “Las Palmas”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 130 oyuna 12 qol vurub, 11 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı Kirian Rodriqesin transfer dəyərini 6 milyon, Aleks Suaresin transfer dəyərini isə 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: