Mərakeş millisinin və “Kuinz Park Reyncers”in yarımmüdafiəçisi İlyas Şair insana hücum ittihamı ilə təqsirli bilinərək cinayət cəzası alıb.
Arena.az bu barədə BBC-yə istinadən məlumat xəbər verir.
Mənbənin məlumatına görə, hadisə 2020-ci ildə Şairin böyüdüyü və futbolçu karyerasına başladığı Antverpendə (Belçika) baş verib. Şair tətildə olarkən Nils T. ilə münaqişəyə girib. Mübahisədən sonra İlyas Nilsın başına daşla zərbə endirib, bundan sonra zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Xoşbəxtlikdən həkimlər qurbanı xilas edə biliblər.
Antverpen məhkəməsi cəzanın icrasını 1 il müddətində möhlət şərti ilə Şairi 12 ay müddətinə azadlıqdan məhrum edib.
Öz növbəsində Çempionşip təmsilçisi “Kuinz Park Reyncers” Şairə məhkəmənin qərarından şikayətlə məşğul olduğu dövrdə oynamağa icazə verəcək.
İlyas Şairin futbola gəlişi Belçikanın “Brügge”, “JMG Akademi”, “Lyers” klublarından keçib. Şair “Lyers”lə böyük futbola qədəm qoyub. Amma Belçika təmsilçisi Şairi əvvəlcə, İngiltərənin “Stivenic”, ardınca isə karyerasının böyük hissəsini keçirdiyi “Qunz Park Reyncers”ə icarəyə verib.
Cari mövsümdə Şair QPR-in heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.
İlyas Şairin futbol qənimətləri muzeyində “siçanlar oynayırlar”, yə’ni daşla baş yarmış “qəhrəman”ımız böyük futbolda heç bir qənimət qazanmayıb.
İlyas Şair 2021-ci ilin iyununda debüt etdiyi Mərakeş millisinin heyətində 13 oyuna çıxıb, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı mərakeşli hücumameylli yarımmüdafiəçi İlyas Şairin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.


