İspaniya Futbol Federasiyası 5 milyon avro vəsait itirə bilər

İspaniya Kral Futbol Federasiyası (RFEF) 5 milyon avro məbləğində pul vəsaitini əlindən buraxmaq təhlükəsi ilə üzləşib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Vəziyyət belədir ki, “Barselona” və ya “Real” İspaniya La Liqasının cari mövsümünün yekununda turnir cədvəlində ilk iki komanda arasında olmasalar, İspaniya Kral Futbol Federasiyası 5 milyon avro məbləğində pul itirəcək.

Mənbənin məlumatına görə, RFEF-in yanvarda İspaniya Super Kubokunun keçirildiyi Səudiyyə Ərəbistanı ilə müqaviləsi var. Müvafiq müqavilənin şərtlərinə görə, gələcəkdə bu turnirdə “Barselona” və ya “Real” təmsil olunmasa, ərəblərin hər bir komandanın yoxluğuna görə ispanlara 5 milyon avro məbləğində daha az ödəniş etmək hüququ var.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının İspaniya Super Kubokunu keçirmək üçün RFEF-ə ödədiyi ümumi məbləğ 40 milyon avrodur.
Cari mövsümdə “Barselona” və “Real” İspaniya Kral Kubokunda qalib gələrək və ya finalçı olmaqla İspaniya Super Kubokuna vəsiqə qazana bilməzlər, çünki hər iki komanda yarışdan kənarlaşdırılıb. İspaniya Super Kubokunda daha iki yer La Liqanın qalibi və ikinci yeri tutan komandaya təqdim ediləcək.

Hazırda La Liqada 25 turdan sonra “Real” 62 xalla liderdir, “Barselona” isə 26 oyundan 57 xalla 2-ci pillədə qərarlaşıb. Amma 25 oyundan 56 xal toplamış “Jirona” ən azı gümüş medal uğrunda oynayır və göründüyü kimi, “Barselona”dan daha üstün mövqedədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: