50 yaşlı futbol mütəxəssisi Maks Eberl Almaniya nəhəngi “Bayern” klubunun idman direktoru vəzifəsinə təyin olunub.
Arena.az bu barədə Münhen klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Alman mütəxəssislə müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq.
“Mən bütün uşaqlığımı və gəncliyimi “Bayern” və Münhendə keçirmişəm, ona görə də hər şeyin başladığı kluba yeni rolda qayıtmaq mənim üçün xüsusidir”, deyə Eberl təyinatı ilə əlaqədar bildirib.
Xatırladaq ki, “Bayern”in idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, bosniyalı mütəxəssis Hasan Salihamidjiçin bu vəzifədən istefasından sonra boş idi. Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında “Leypsiq”in idman direktoru olub. Bundan əvvəl alman mütəxəssis 23 il Mönxenqladbax “Borussiya”sında çalışıb.
Hazırda “Bayern” 23 turdan sonra Bundesliqanın yarış cədvəlində 53 xalla 2-ci pillədə qərarlaşıb. Bundesliqaya 61 xalla “Bayer” başçılıq edir.


