Sarri A Seriyası ilə Premyer Liqanı müqayisə etdi

“Latsio”nun baş məşqçisi Maurisio Sarri İtaliya A Seriyasını Avropa böyük futbol beşliyi ölkələrinin milli birincilikləri ilə müqayisə edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İtalyan futbolu çətin bir dövr yaşadı, amma A Seriyasının son bir neçə ildə ən pis liqa olduğunu düşünmürəm. Sırf iqtisadi səbəblərə görə Premyer Liqadan bir pillə aşağıdayıq, qalanlardan aşağı deyilik.

İspaniya və Almaniyanın hər birinin bir neçə yüksək səviyyəli klubu var, biri Fransadadır. Düşünürəm ki, orta hesabla İtaliya komandaları onlarla eyni səviyyədədirlər”, deyə Sarri vurğulayıb.

Hazırda 27 turdan sonra “İnter” 72 xalla İtaliya A Seriyasını yarış cədvəlinə başçılıq edir. “Yuventus” 57 xalla 2-ci pillədə qərarlaşıb. İlk üçlüyü 56 xalla “Milan” qapayır.

Vurğulayaq ki, qitənin ən mötəbər yarışı Çempionlar Liqasına gəlincə, burada İtaliya A Seriyasının təmsilçiləri aşkar uğursuzluq yaşayırlar. Sonuncu dəfə Çempionlar Liqasını qazanmış İtaliya komandası, məşhur portuqal mütəxəssis Joze Mourinyonun çalışdırdığı “İnter” olub. O vaxt, 2009/2010 mövsümündə “neradzurri” Çempionlar Liqasının finalında Almaniya nəhəngi “Bayern”i məğlub etmişdi – 2:0. Elə, sonuncu dəfə mötəbər yarışın finalçısı olmuş italyan komandası da “İnter” olub. Geridə qalmış 2022/2023 mövsümündə Simone İnzaqinin yetirmələri finalda bərabər mübarizə apardıqları Xosep Qvardiolanın “Mançester Siti”sinə məğlub olmuşdular – 0:1.

Xəbəri sosial şəbəkələrdə paylaş: