Kristiano Ronaldolu “Əl-Nəsr” evdə autsayderə məğlub oldu

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 23-cü turunda portuqal ulduz Kristiano Ronaldolu “Əl-Nəsr” evdə “Əl-Raed”ə məğlub olub – 1:3.

Arena.az məlumat verir ki, Ronaldo bütün oyunu meydanda keçirsə də səmərəli fəaliyyəti ilə diqqət çəkməyib.

Liderinin fərqlənə bilmədiyi oyunda “Nəcd cəngavərləri” autsayderə məğlubiyyətlə barışmalı olublar. Bu isə çempionluq yarışında “Əl-Nəsr”ə böyük zərbədir.

Məğlubiyyətə rəğmən, “Əl-Nəsr” yarış cədvəlində 53 xalla 2-ci pillədə qalıb. “Əl-Raed” isə 22 oyundan 23 xalla təhlükəli zonadan qurtulub və 15-ci pillədə yer alıb. Yarış cədvəlinə 22 oyundan 62 xal toplamış “Əl-Hilal” başçılıq edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar verib.

Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 22 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: