Roberto D’Aversa qovuldu – Futbolçuya kəllə atdığına görə

“Leççe” klubu baş məşqçi Roberto D’Aversa ilə müqaviləsinə birtərəfli xitam verərək, italyan mütəxəssisi istefaya göndərib.

Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Rəhbərlik qərarını 48 yaşlı D’Aversanın qeyri-idmani davranışı ilə əsaslandırıb. Belə ki, o, ötən gün baş tutan çempionat oyunundan sonra rəqib oyunçuya kəllə atıb. Hadisə belə baş verib:

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “Leççe” “Verona”nı qəbul edib və 0:1 hesabı ilə məğlub olub. Hakimin final fitindən sonra D’Aversa qonaqların fransalı futbolçusu Toma Anriyə yaxınlaşaraq, onun sifətinə yaxşıca kəllə tutuzdurub. Zərbə nəticəsində Anri tirtap olub.

Vurğulayaq ki, Anri oyunun təzminat vaxtında (90+7-ci dəqiqədə) meydandan qovulmuşdu. Təfərrüat dəqiqliyi ilə məlum olmasa da, tərəflər arasında xoşagəlməz söz atmacasının yaşandığı təxmin edilir. Güman ki, məhz bu səbəbdən D’Aversa saçına-başına məhəl qoymadan, oğlu yaşında Anriyə kəllə atıb.

“Leççe” – “Verona” oyununun sonunda baş vermiş hadisələrdən sonra “Leççe” Futbol Klubu məşqçi Roberto D’Aversanın vəzifəsindən azad edildiyini açıqlayıb. Məşqçiyə və onun heyətinə görülmüş işlərə görə təşəkkür edirik”, – “Leççe”nin rəsmi saytında bildirilir.

Öz növbəsində, “Verona” xoşagəlməz hadisəyə şərh verməyib.
Robert D’Aversa “Leççe”nin sükanı arxasında ötən ilin iyulunda keçib. D’Aversa “canavarlar”la 30 oyun keçirib, 6 qələbə, 10 heç-heçə, 14 məğlubiyyət yaşayıb. Topların fərqi isə 28:49 nisbətindədir.

“Leççe” İtaliya A Seriyasının cari mövsümündə 28 oyuna 5 qələbə qazanıb, 10 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komanda 25 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, D’Aversa əvvəllər “Sampdoriya”, “Virtus Lansano” və “Parma”da da baş məşqçi kimi çalışıb.

İntizam Komitəsinin də D’Aversanın davranışı qarşılığında ciddi tədbir görəcəyi vurğulanır.

https://youtu.be/QbgQdtZR164
Xəbəri sosial şəbəkələrdə paylaş: