Davide Ballardini “Sassuolo”nun yeni baş məşqçisidir

İtaliyalı futbol mütəxəssisi Davide Ballardini A Seriyası təmsilçisi “Sassuolo”nun yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

60 yaşlı mütəxəssislə müqavilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulub. O, baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Alessio Dionisini əvəz edib.

Alessio Dionisi “Sassuolo”nu 2021-ci ilin iyulundan çalışdırırdı. İtalyan mütəxəssis komandanın sükanı arxasında 107 oyun keçirib. “Sassuolo” Dionisi ilə 33 qələbə qazanıb, 25 heç-heçə edib, 49 oyunda isə məğlub olub. Topların fərqi isə 157:189 nisbətindədir.

Davide Ballardini isə son olaraq “Kremoneze”yə rəhbərlik edib. O, 2023-cü ilin sentyabrında bu klubdan ayrılandan bəri işsiz idi. Təcrübəli mütəxəssis karyerası ərzində “Cenoa”, “Palermo”, “Bolonya”, “Kalyari”, “Latsio”, “Peskara” kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: