Asiya Çempionlar Liqasının “Əl-Əyn”ə qarşı ev oyunu “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, əlavə vaxtda “Əl-Nəsr”in xeyrinə 4:3 hesabı ilə başa çatmış bu oyunda Ronaldo 118-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə, komanasının qələbəsini təmin edib.
Bu qol Ronaldonun klub karyerasında 750-ci qol olub. Portuqaliya yığmasının heyətində vurduğu qolları da nəzərə almaqla, Ronaldonun hesabında indi 878 qol var.
Kristiano Ronaldo “Əl-Nəsr”də 2023-cü ilin yanvar ayından çıxış edir. Portuqal ulduz ərəb klubuna “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb 29 qol vurub, 11 məhsuldar verib.
Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 22 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


