“Fiorentina” üçün xoşagəlməz statistika

İtaliya A Seriyasının 28-ci turunda “Roma”ya qarşı Florensiyadakı oyun yerli “Fiorentina” üçün xoşagəlməz statistika ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatmış oyunun 80-ci dəqiqəsində hesab 2:1 “bənövşələr”in xeyrinə ikən, onlar Kristiano Biraqinin ifasında penaltini qaçırıblar.

“Vurmayana vurarlar” – “canavarlar” oyuna əlavə edilmiş təzminat vaxtında, 90+5-ci dəqiqə qol vuraraq, “Roma”nı məğlubiyyətdən xilas ediblər.

Boşa verilmiş bu penalti “Fiorentina”nın 2024-cü ildə qazandığı 6-cı penalti olmaqla yanaşı, havaya sovrulmuş 5-ci fürsəti olub.

“Bənövşələr”in cari mövsümdə qaçırdığı penaltilərin siyahısını təqdim edirik:

– “Sassuolo” ilə A Seriyası çərçivəsində oyun (Cakomo Bonaventura);
– “Napoli” ilə İtaliya Super Kubokunun yarımfinal oyunu (Jonatan İkone);
– “Latsio” ilə A Seriyası çərçivəsində oyun (Nikolas Qonsales);
– “İnter” ilə A Seriyası çərçivəsində oyun (Nikolas Qonsales);
– “Roma” ilə A Seriyası çərçivəsində oyun (Kristiano Biraqi).

Florensiya təmsilçisinin 2024-cü ildə penaltini qola çevirə bilmiş yeganə futbolçusu “Udineze” ilə oyunda dəqiq olmuş anqolalı hücumçu M’Bala Nzoladır.

Hazırda “Fiorentina” İtaliya A Seriyasının yarış cədvəlində 28 oyundan 43 xalla 8-ci pillədə qərarlaşıb. A Seriyasına 75 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: