Ronaldo: “Real”a keçməklə Mbappe “Qızıl top”u da qazanacaq”

“Real”ın braziliyalı sabiq hücumçusu Ronaldo PSJ-nin ulduz oyunçusu Kilian Mbappenin yayda Madrid klubuna mümkün transferindən danışıb.

Arena.az xatırladır ki, daha əvvəl, 25 yaşlı ulduz hücumçunun azad agent qismində PSJ-dən “Real”a keçməyə yaxın olduğu məlum olmuşdu.

“Təfərrüata varmazdan əvvəl rəsmi açıqlamanı gözləməliyik, amma Madriddə hamı Kilianı səbirsizliklə gözləyir. Bu, həqiqətən heyrətamiz bir futbolçudur. Zamanla o, dünyanın ən yaxşı oyunçusu olacaq.

Düşünürəm ki, o, “Real”a getsə, çox yaxşı seçim edəcək. Bundan sonra o, nəhayət ki, “Qızıl top”u ala bilər”, deyə Ronaldo bildirib.

Xatırladaq ki, Kilian Mbappenin bu ilin yayında PSJ-dən azad agent kimi ayrılaraq “Real”a keçməsi gözlənilir. 25 yaşlı hücumçunun hazırda “Real”la müqaviləsinin son təfərrüatını razılaşdırması ilə məşğul olduğu bildirilir. Vurğulanır ki, bu iş bir qədər vaxt alacaq. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Müvafiq sənədlərin isə yaxın həftələrdə imzalanması gözlənilir.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 34 qol vurub, 7 məhsuldar ötürmə verib. Onun PSJ karyerası bütövlükdə 295 oyun, 246 qol və 105 məhsuldar ötürmədən ibarətdir.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: