Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında təşkil olunmuş “Zəfər kuboku”na start verilib.
Arena.az xəbər verir ki, 350-yə yaxın idmançının qatıldığı ənənəvi yarışın ilk günündə Azərbaycan güləşçiləri də medal qazanıblar.
Yunan-Roma güləşində Turan Daşdəmirovla (51 kq) Yusif Əhmədli çempion olublar. Şahid Nəbiyev (45 kq) gümüş, onunla eyni çəkidə yer alan Nicat İsgəndərli və Səyyad Nağızadə (60 kq) isə bürünc medal əldə ediblər.
Sərbəst güləşdə Muhammədəli Əlizadə (51 kq) ikinci, qadın güləşində isə Günay Qurbanova (61 kq) üçüncü yeri tutub.
Beləliklə, güləşçilərimiz turnirə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başlayıblar.
Azərbaycan yığması Antalyadakı turnirə bütövlükdə 38 güləşçi ilə yollanıb. “Zəfər kuboku” martın 14-nə qədər davam edəcək. Beynəlxalq dərəcəli hakim Kamran Baxışov da bu turnirdə ədaləti qoruyanlar sırasında yer alıb.


