Futbol üzrə Kolumbiya milli komandasının hücumçusu Rafael Borre bundan sonra karyerasını Braziliyada davam etdirəcək.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Almaniyanın “Ayntraxt” (Frankfurt) klubundan ayrılaraq “İnternasional”a keçib.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Borre ilə müddəti 2028-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Braziliya klubu onun transferi üçün 6,5 milyon avro xərcləyib.
Rafael Borre Kolumbiyanın “Deportivo Kali” klubunun yetirməsidir. O, 2015-ci ildə Madrid “Atletiko”suna transfer olunsa da, bu klubda forma şansı qazanmayıb. Bu üzdən də hücumçu “Deportivo Kali” və “Vilyarreal”a icarəyə verilib. 2017-2021-ci illər aralığında Argentina təmsilçisi “River Pleyt”də çıxış etmiş forvard məhz bu klubdan ayrılandan sonra azad agent kimi “Ayntraxt”a keçmişdi. O, 2021-ci ildən formasını geyindiyi Bundesliqa təmsilçisində 92 oyuna 15 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.
2023/2024 mövsümünün əvvəlində icarə əsasında Bundesliqanın digər təmsilçisi “Verder”ə keçən Borre, bu komandada 19 oyuna 4 qol vurub.
Rafael 2019-cu ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasında da 30 oyun keçirib. 28 yaşlı forvard bu oyunlarda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı kolumbiyalı forvardın transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


