Lionel Messi “İnter Mayami”ni 1/4 finala çıxardı, amma…

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi CONCACAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununa çıxıb.

Arena.az məlumat verir ki, ilk oyunda səfərdə 2:2 hesabı ilə heç-heçə oynamış “İnter Mayami”, evdəki cavab oyununda 3:1 hesabı ilə qalib gələrək, yarışın 1/4 final mərhələsinə adlayıb.

Argentinalı ulduz komandasının uğuruna qol və məhsuldar ötürmə ilə töhfə verib. Amma “Leo” həm də xoşagəlməzlik yaşayıb. Belə ki, sağ ayağında narahatlıq hiss etmiş Messi oyunun 50-ci dəqiqəsində əvəzlənib.

Tibbi müayinə argentinalı ulduzun sağ ayaq əzələsində gərginlik səbəbindən yorğunluq olduğunu müəyyən edib. Həkimlərin fikrincə, “Leo” bir müddət istirahət etməli, hədsiz yüklənmənin zədəyə çevrilməsindən özünü sığortalamaldır.

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino da bu barədə bildirib:

“Onun sağ ayağının əzələləri həddindən artıq yüklənib. Biz risk etmək istəmirik. Onun azacıq daha dayana biləcəyini görməyə çalışdıq, amma o, narahat idi. İnanıram ki, o, şənbə günkü oyunda iştirak edə bilməyəcək”.

Beləliklə, Messi ABŞ MLS müntəzəm çempionatı çərçivəsində “İnter Mayami”nin “Di-Si Yunayted”ə qarşı səfər oyununda böyük ehtimalla iştirak edə bilməyəcək.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: