Məşhur portuqal mütəxəssis Joze Mourinyo yayda məşqçilik fəaliyyətinə qayıtmaq istəyi və “Roma”dan qovulması haqda danışıb.
Arena.az “Calciomercato” dərgisinə istinadən məlumat verir ki, “Mour” cari ilin yayında yenidən məşqçiliyə başlamaq niyyətindədir:
“Klubum yoxdur, sərbəstəm, amma işləmək istəyirəm. Əmin olun, mən bu yay işə qayıtmaq istəyirəm. Mənim həyatım futboldur, fəsadlarım olmayan ixtiyari yerdə çalışdıra bilərəm”.
Joze “Roma”dan qovulması haqda məqamı da şərh edib:
“Qovulmağım? Bunda xüsusi bir məqam yoxdur. Ardıcıl iki dəfə avrokubokların finalına çıxmış məşqçini necə qovmağı başa düşmək çətindir. Qəribə olan yeganə məqam budur”.
“Mour” həmçinin futbolda bir daha kiminlə işləməyəcəyi haqda danışıb və bu şəxsin “Roma”nın keçmiş direktoru Tyaqo Pintu olduğunu bildirib.
Xatırladaq ki, müsahibələrinin birində Pintu Mourinyonu “Roma”dan qovmaq qərarına gələndə ölmək istədiyini bildirmişdi. “Mour” bu məqama dair açıqlama verib:
“Onun nə dediyi və nə düşündüyü məni maraqlandırmır. O, yenə də mənimlə işləyəcəkmi? Xeyr, əlbəttə ki, yox. Cari halda bu, mümkün deyil”.
Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.
Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.
“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.
Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.


