“Real”ın dəfələrlə irqi təhqirlərə məruz qalmış braziliyalı vingeri Vinisius Junior yenidən irqçilik fəsadına qarşı çıxış edib.
Arena.az məlumat verir ki, Vinisius bu həftəsonu İspaniyada oyunlarda irqi təhqirlərə məruz qalmış futbolçulara dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, “Sevilya”nın sol cinah müdafiəçisi Markos Akunya, Əndəlus komandasının baş məşqçisi Kike Sançes Flores və “Rayo Mahadaonda”nın qapıçısı Şeyk Sarr irqi təhqirlərlə üzləşiblər.
“Mən bu həftə sonu oynamayacağam. Ancaq təkcə Şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verdi. Mən Akunya və “Sevilya”nın baş məşqçisi Kike Flores, eləcə də “Rayo Mahadaonda”dan Sarı tam dəstəkləyirəm. Qoy onların cəsarəti başqalarına ilham versin. İrqçilər tapılmalıdır. Onlar tribunalarda olarkən, oyunlar davam edə bilməz. Biz yalnız o zaman qalib gələcəyik ki, irqçilər stadionları tərk edib birbaşa həbsxanaya – layiq olduqları yerə getsinlər”, – Vinisius özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Xatırladaq ki, “Xetafe” – “Sevilya” oyununda (0:1) meydan sahibləri azarkeşlər Akunyaya “meymun” deyə səsləniblər. Eyni zamanda Kike Flores təhqir edilib, “qaraçı” kəlməsi ilə üzləşib. “Sestao River”lə oyunda (2:1) isə “Rayo Mahadaonda”nın qapıçısı Şeyk Sarr irqçilik zəminində onu təhqir edən rəqib tərəfdarlarla mübahisə edib və buna görə meydandan qovulub.
Qeyd edək ki, Vinisius Junior özü də İspaniya La Liqasının oyunları zamanı dəfələrlə rəqib komandaların azarkeşlərinin irqi hücumlarına məruz qalıb. Son hallardan biri martın 17-də La Liqanın 29-cu turunun “Osasuna” və “Real” komandalarının qarşılaşdığı (2:4) oyunda baş verib. Ev sahibi “Osasuna”nın azarkeşləri tribunalardan “Vinisius, öl!” şüarları səsləndiriblər. Bu hadisədən sonra “Real” rəhbərliyi təhqirlərə əhəmiyyət verməyən hakimdən İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət edib və həmçinin əlaqədar qurumlar qarşısında vəsatət qaldırıb.
Vurğulayaq ki, bir çox təhlilçilər məhz Vinisiusun özünün azarkeşləri təxribata sürüklədiyi iddiasındadırlar. Bir çoxları belə fikirdədir ki, “Vinni” bu yolla daim diqqət mərkəzində qalmağa çalışır, bir növ “kameralara işləyir”.


