“Yuventus”un və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Arena.az İdman Arbitraj Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Poqbanın şikayəti antidopinq qaydalarını pozduğuna görə 4 illik cəzası ilə bağlıdır:
“Pol Poqba İtaliya Milli Antidopinq Təşkilatının qərarından apellyasiya şikayəti verib. Hələlik başqa məlumat yoxdur”, – İdman Arbitraj Məhkəməsinin təmsilçisi bildirib.
Xatırladaq ki, Poqba dopinq qəbul etdiyinə görə 4 illik müddətə diskvalifikasiya edilib. 2023-cü ilin oktyabrında fransalı futbolçu ardıcıl iki dopinq yoxlamasından xoşagəlməz nəticə ilə çıxıb. Poqbanın nümunəsində çox yüksək testosteron səviyyəsi aşkar edilib. Fransalı futbolçunun vəkilləri onun mümkün diskvalifikasiyasının 4 ildən 2 ilə endirilməsini tələb etsələr də, bu, istənilən nəticəni verməyib. Bu, 31 yaşlı futbolçunun karyerasını təhlükə altına alır.
Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.


