Bu gün Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib.
Arena.az xəbər verir ki, ilk gündə yunan-Roma güləşçilərimiz mübarizəyə başlayıblar.
Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayıb. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 finaldan yarışa qoşulublar.
İslam Abbasov startda danimarkalı Avropa çempionu və dünya ikincisi Turpal Bisultanova 3:5 hesabıyla məğlub olub və mübarizəni erkən dayandırıb.
Murad Əhmədiyev 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub. O, rəqibini vaxtından əvvəl üstələyib – 10:0. Lakin idmançımız 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoyanisə məğlub olub – 5:7.
Nihat Məmmədli ilk görüşündə ukraynalı Aleksey Masikə 5:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. İdmançımız 1/4 final mərhələsində Türkiyə təmsilçisi Eneş Başara uduzub – 1:3.
Beka Kandelaki də startda Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşib. Norveç təmsilçisinə tam üstünlüklə (9:1) qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. Beka 1/4 finalda Bolqarıstan təmsilçisi Georgi İvanovu mübarizədən kənarlaşdırıb. Kandelaki rəqibini 9:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. O, Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gəlib. Kandelaki rəqibinə 0:9 hesabı ilə uduzub. Nəticədə Semyonov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, Bakıdakı mötəbər turnirin ilk günündə güləşçilərimizdən heç biri Olimpiadaya lisensiya qazana bilməyib. Qeyd edək ki, hər çəkidə finala yüksələn iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanırlar.
Əvəzində Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Macarıstan təmsilçisi Kristian Vantsa ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


