İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin yayda “Real”a mümkün keçidi ilə bağlı sualı cavablayıb.
Arena.az Tebasın bu barədə cavabını təqdim edir:
“Mbappenin “Real”a keçidi ilə bağlı nə məlumdur? Əgər eşitdiklərimə inansaq, deyə bilərəm ki, o, 99,99% ehtimalla “Real”ın oyunçusu olacaq”.
Xavyer Tebas “Real”ın braziliyalı vingeri Vinisius Juniorun mütəmadi olaraq rəqib azarkeşlər tərəfindən irqi təhqirlərə məruz qalmasından da söz açıb:
“Bu təhqirlərin əksəriyyəti irqçiliklə mübarizəyə rəhbərlik etməyə qərar verənə, yəni Vinisiusa yönəlib. Bu cür məsələləri gündəmə gətirənlər həmişə sui-istifadəyə daha həssas olurlar. Ancaq bununla mübarizə aparmağa dəyər, çünki Vinisius təhqirə layiq deyil”.
İspaniya La Liqasının prezidenti korrupsiya, çirkli pulların yuyulması və digər qanun pozuntularında ittiham edilən, İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesin saxlanılması ilə də bağlı danışıb:
“İllərdir ki, ölkədə baş verənləri pisləyirəm. RFEF, xüsusən də onun bəzi rəhbərləri ilə… Hesabatı gördüm və hesab edirəm ki, Rubialesin əmisi Xuan Rubiales onun patoloji yalançı olduğunu çox düzgün qeyd edib. Onunla tanış olanlar bunu çoxdan bilirdilər”.
Xatırladaq ki, PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin yayda “Real”a keçəcəyi gözlənilir. Tərəflərin hətta buna dair müqaviləyə imza atdığı da iddia olunur. Rəsmi açıqlamanın isə yayda olacağı bildirilir. Fransa millisinin də üzvü olan Mbappe İspaniya nəhənginə azad agent kimi qoşulacaq. Madrid təmsilçisi ona görə PSJ-yə təzminat ödəməyəcək.


