Vircil van Deyk üçün ən yaxşı komanda yoldaşı

“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk İngiltərə klubunun heyətində birlikdə oynadığı ən yaxşı oyun tərəfdaşının adını açıqlayıb.

Arena.az niderlandlı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Başqa oyunçuları aşağılamaq istəmirəm, amma icazə verin, klubu tərk edən futbolçular haqqında bir şey deyim. “Bobbi” Firmino son illərdə əldə etdiyimiz uğurun mühüm hissəsi olub”, deyə Van Deyk bildirib.

Van Deyk həmçinin karyerasında ən çətin rəqiblərin adını açıqlayıb. Holland müdafiəçinin qarşı oynadığı ən çətin rəqiblər arasında üç mərkəz hücumçusunun adı yer alıb. O, “Milan”ın fransız veteran hücumçusu Olivye Jirunun adını çəkib. Təcrübəli müdafiəçi hazırda “Mançester Yunayted”də çıxış edən norveçli qolçu Erlinq Halandı qeyd edib. Van Deyk həmçinin “şəhərlilər”in argentinalı sabiq hücumçusu Serxio “Kun” Aqueronu da vurğulayıb.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki həmin vaxt 84,65 milyon avro müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Holland müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 261 oyun, 23 qol, 14 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 66 oyuna çıxıb, 7 qol vurub.

“Transfermarkt” internet-portalı 32 yaşlı holland müdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.