Andoni İraola – mart ayında Premyer Liqanın ən yaxşı məşqçisi!

“Bornmut”un çalışdırıcısı, ispan mütəxəssis Andoni İraola mart ayında İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Mart ayının ən yaxşı məşqçisi adına namizədlər arasında “Arsenal”ın çalışdırıcısı, ispan mütəxəssis Mikel Arteta, “Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp və “Tottenhem”in sükanı arxasında dayanan avstraliyalı mütəxəssis Angelos Postekoqlu dda yer alıblar.

Mart ayında Andoni İraolanın rəhbərliyi altında “Bornmut” 4 oyun keçirib. Oyunlar İngiltərə Premyer Liqası çərçivəsində baş tutub. “Bornmut” “Börnli”ni məğlub edib (2:0), “Şeffild Yunayted”lə heç-heçə oynayıb (2:2), həmçinin “Everton” (2:1) və “Kristal Pelas” (1:0) ilə oyunlarda qalib gəlib.

Hazırda İraolanın “Bornmut”u İngiltərə Premyer Liqasının yarış cədvəlində 31 oyunda 41 xalla 12-ci yerdə qərarlaşıb. Premyer Liqaya 31 oyundan 71 xalla “Arsenal” başçılıq edir. Eyni sayda oyundan eyni miqdarda xal toplamış “Liverpul” isə şərikli lider qismində 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Andoni İraola 2023-cü ilin iyul ayından “Bornmut”a rəhbərlik edir. 41 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 37 oyuna çıxarıb. İngiltərə klubu bu görüşlərdə 15 qələbəni bayram edib, 8 heç-heçə ilə kifayətlənib, 14 məğlubiyyətə üzülüb.

İraola cari mövsümdə ilk dəfə Premyer Liqada ayın məşqçisi seçilir. Ona qədər bu mükafatı qazanmış mütəxəssislərin siyahısını xatırladırıq:

Avqust 2023 – Angelos Postekoqlu (Tottenhem)
Sentyabr 2023 – Angelos Postekoqlu (Tottenhem)
Oktyabr 2023 – Angelos Postekoqlu (Tottenhem)
Noyabr 2023 – Erik ten Haq (Mançester Yunayted)
Dekabr 2023 – Unai Emeri (Aston Villa)
Yanvar 2024 – Yurgen Klopp (Liverpul)
Fevral 2024 – Mikel Arteta (Arsenal)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: