Premyer Liqa: “Səbail” və “Sabah” uğursuzluğa son qoya biləcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Bayılda “Səbail” və “Kəpəz” komandaları arasında keçiriləcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Gəncə təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparır. Ötən tur “Araz-Naxçıvan”a qalib gəlmiş Adil Şükürovun komandası bu dəfə eyni aqibəti “Səbail”ə yaşatmağa çalışacaq.

“Dənizçilər”in isə son turlarda işləri elə də yaxşı getmir. Komanda son 4 matçında qələbəyə həsrətdir. Üstəlik, Şahin Diniyevin kollektivi bu görüşlərdə cəmi 1 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. Bu uğursuz nəticələr komandanın liderlər qrupundan uzaq düşməsinə də səbəb olub.

“Səbail”lə “Kəpəz” bu günə qədər 11 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə bakılılar 6, gəncəlilər 3 qələbə qazanıblar, 2 oyunda qalib müəyyənləşməyib. “Səbail” bu rəqibinə evdə uduzmayıb. “Kəpəz” son 3 qarşılaşmada qələbə qazanmayıb.

Turun qapanış matçında isə çempionluğu bir neçə tur öncədən təmin etmiş “Qarabağ” səfərdə “Sabah”la üz-üzə gələcək. Son iki matçında məğlubiyyətlə üzləşmiş “bayquşlar”ın uzun müddətdir büdrəməyən Ağdam təmsilçisinə necə problem yaradacağı maraq doğurur.

Bu komandalar əvvəllər 22 oyunda üz-üzə gəliblər. “Sabah” indiyə qədər cəmi 1 oyunda “Qarabağ”a qalib gələ bilib. Ağdam təmsilçisi isə bunu 14 dəfə bacarıb. 7 görüş də sülhlə bitib. “Qarabağ” son 5 görüşdə bu rəqibinə qol vurub. “Sabah”ın son iki ev matçında hər iki komanda qol sevinci yaşayıb.

Premyer Liqa
30-cu tur
12 aprel

“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

13 aprel

“Qəbələ” – “Turan Tovuz” 1:2
Qollar: Əyyub Allaş, 49 – Aleks Souza, 81. Belaydi Pusi, 90+5.
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 16:30.

“Neftçi” – “Araz-Naxçıvan” 3:0
Qollar: Brayan Moreno, 1. Rəhman Hacıyev, 45. İqor Ribeyro, 87-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena”, 19:00.

14 aprel

“Səbail” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Bayıl Arena”, 16:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Masazır Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: