Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunun “Vulverhemton”a qarşı səfər oyunu “Arsenal” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, London təmsilçisi səfərdən 2:0 hesablı qələbə ilə qayıdıb.
“Squawka” dərgisinin yaydığı məlumata görə, “topçular” bununla Premyer Liqa çərçivəsində ardıcıl 6-cı səfər oyununda qapılarının toxunulmazlığını təmin edə biliblər. Bu isə paytaxt klubunun tarixində yeni rekorddur.
Xatırladaq ki, Mikel Artetanın “topçular”ı bundan əvvəl səfərdə “Brayton” (3:0), “Mançester Siti” (0:0), “Şeffild Yunayted” (6:0), “Bernli” (5:0) və “Vest Hem”lə (6:0) oyunlarda qol buraxmayıblar.
33 oyundan sonra “Arsenal” Premyer Liqanın yarış cədvəlində 74 xalla nominal lider olaraq 1-ci pillədə qərarlaşıb. 32 oyundan 73 xal toplamış “Mançester Siti” və 71 xal toplamış “Liverpul” cari mövsüm İngiltərə Premyer Liqasının çempionluğu uğrunda “topçular”ın əsas rəqibləridir.


