İspaniya La Liqasının 32-ci turunun “Barselona” ilə oyunu “Real”ın iki futbolçusu – Vinisius Junior və Cud Bellingem üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Vinisius Junior “el klasiko”ların tarixinə düşüb.
O, “Real” – “Barselona” qarşılaşmasında fərqlənməklə “el klasiko”larda vurduğu qolların sayını 7-yə çatdırıb. 24 yaşlı oyunçu bu nəticə ilə “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu olub. Vaxtilə Ronaldo Nazario və Evaristo de Masedo “el klasiko”larda hərəyə 6 dəfə, Ronaldinyo, Rivaldo və Covanni isə hərəyə 5 dəfə fərqləniblər.
Qeyd edək ki, “el klassiko”ların bombardiri argentinalı dünya çempionu Lionel Messidir (26 qol). Kristiano Ronaldo (Portuqaliya) və Alfredo Di Stefanonun (İspaniya) hesabında 18 qol var.
Cud Bellingem isə 2007-ci ildən sonra ardıcıl iki “el klasiko”da qol vuran ilk futbolçu olub. Sonuncu dəfə eyni uğura 17 il əvvəl Madrid klubunun niderlandlı hücumçusu Rud Van Nisterloy imza atmışdı.
Xatırladaq ki, “Real” “Barselona” ilə ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb. Bu nəticədən sonra Madrid təmsilçisi 81 xalla vahid liderdir. “Barselona” isə 70 xalla 2-ci sıradadır.
2018-ci ilin iyul ayından “Real”da forma geyinən Vinisius Junior Madrid təmsilçisinin heyətində bütövlükdə 257 oyuna çıxıb. Braziliya milli komandasının da üzvü olan 23 yaşlı forvard bu görüşlərdə 78 qol vurub, 75 məhsuldar ötürmə müəllifi olub.
Cud Bellingem isə “Real”a cari mövsümün əvvəlində – 2023-cü ilin yayında Dortmund “Borussiya”sından gəlib. İngiltərə millisinin də üzvü olan 20 yaşlı hücumameyilli yarımmüdafiəçi İspaniya nəhənginin heyətində meydana çıxdığı 36 oyunda 21 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


